30 İyul 2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca beşinci “Məzun Günü” baş tutub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.
Tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov kibercinayətkarlığın artan qlobal iqtisadi təsirləri, süni intellektin kibertəhlükə mühitinə yaratdığı yeni risklər və insan faktorunun kibertəhlükəsizlikdə həlledici rolu barədə danışıb.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov nitqində 2023–2027-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə dövlət strategiyasının əhəmiyyətini vurğulayıb, rəqəmsal savadlılıq və məlumatların qorunmasının əsas prioritetlərdən olduğunu qeyd edib. O, AKM-in ekosistemin inkişafına verdiyi töhfələri və bu sahədə beynəlxalq təcrübəyə əsaslanan təlimlərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Daha sonra tərəfdaş qurumların, eləcə də “Technion”un nümayəndələri çıxış edərək proqramın əhəmiyyətini, məqsədlərini və gələcək perspektivlərini vurğulayıblar. Tədbirin davamında məzunlardan ibarət komanda təhsil müddətində qazandıqları bilikləri real dünya problemlərinə və mövzularına tətbiq etdikləri yekun layihələrini təqdim ediblər. Daha sonra yüksək nəticə əldə etmiş 2 məzunun mükafatlandırılması baş tutub. Sonda məzun olan 100 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.
Qeyd edək ki, tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team), hücum (Red Team) və “Purple team” qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər haqqında praktiki biliklərə yiyələniblər. İndiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 380 nəfər məzun olub, hazırda isə 6-cı dalğanın 60 tələbəsi təhsilini davam etdirir.