25 İyul 2025
49-cu ICPC Dünya Finalına hazırlıq çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyətinin ABŞ-nin Kaliforniya ştatında yerləşən Silikon Vadisinə səfəri baş tutub. Səfər zamanı “ICPC Foundation”ın dəstəyi və təşkilatçılığı ilə 2-4 iyul tarixlərində bir sıra rəsmi tədbir və görüşlər keçirilib.
2 iyul tarixində Silikon Vadisində yerləşən “Quora” şirkətinin baş ofisində Bakıda keçiriləcək ICPC 2025 Dünya finalına həsr olunmuş beynəlxalq şəbəkələşmə tədbiri keçirilib.
Tədbirdə İRİA-nın İdarə Heyətinin sədr müavini Şahin Əliyev təqdimatla çıxış edib. Təqdimatda o, Agentliyin innovasiya, rəqəmsal və təhsil istiqamətləri üzrə fəaliyyəti, əldə etdiyi nəaliyyətlər, məhsul və həllər barədə məlumat verib. Şahin Əliyev İRİA-nın Azərbaycanda İKT sahəsi üzrə insan kapitalının inkişafına verdiyi töhfələrdən bəhs edərək ICPC Dünya Finalına hazırlıqların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, şəbəkələşmə tədbiri ICPC Fondunun prezidenti Dr. Uilyam Pouçer, “Quora” şirkətinin qurucusu və OpenAI İdarə Heyətinin üzvü Adam D’Angelonun dəstəyi ilə təşkil olunub.
Səfər çərçivəsində “Google”, “Meta” kimi nəhəng şirkətlər, “Silkroad Hub” mərkəzi və Silikon Vadisində yerləşən innovasiya mərkəzləri və texnoloji muzeylərə ziyarətlər təşkil edilib. Silikon Vadisində çalışan azərbaycanlı mütəxəssislər, eyni zamanda qlobal texnologiya şirkətləri ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, sözügedən tədbir və görüşlərin keçirilməsində başlıca məqsəd azərbaycanlı və xarici ICPC məzunları ilə əlaqələrin qurulması, İKT sahəsində fəaliyyət göstərən mütəxəssislərlə şəbəkələşmə, Bakıda keçiriləcək 49-cu ICPC Dünya Finalı ilə bağlı təqdimatın edilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.