Azərbaycan ekostartapı Yaxın Şərqin böyük texnologiya tədbirlərində təmsil olunub.

 03-03-2025

Azərbaycanın yaşıl texnologiya startapı “Green Public” Yaxın Şərqin nüfuzlu texnologiya konfransları olan “Web Summit Qatar 2025” və “Step Dubai 2025”də iştirak edib.

Startapın həmtəsisçiləri Tural Yusifov, Əli Xəyyam və Ramin Səfərov Dubay və Dohada baş tutan sərgilərdə potensial investorlarla görüşlər keçirib, startapın təklif etdiyi texnoloji, xüsusilə də süni intellekt əsaslı ekoloji həllərini geniş auditoriyaya təqdim ediblər.

Qeyd edək ki, bu texnoloji tədbirlər hər il böyük şirkətləri, investorları, texnologiya sahəsində tanınmış simaları bir araya gətirir.

“Web Summit Qatar 2025” ümumilikdə 25 mindən çox iştirakçı cəlb edib. Startap şəhadətnaməsinə sahib olan “Green Public” yaşıl texnologiyaları inkişaf etdirən startaplar üçün nəzərdə tutulumuş və Türkiyənin tanınmış “Viveka” şirkətinin həyata keçirdiyi “4+1 ClimAccelerator” akselerasiya proqramında da iştirak etmişdir.

Startap, həmçinin Azərbaycan ekosistemininin bir çətir altında formalaşmasına və inkişafına təkan verən Agentliyimiz ilə əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. “Green Public” iqlim dəyişikliyinin əsas səbəblərindən birinə çevrilmiş yaşıllıqların və meşə sahələrinin azalması probleminə sıfır karbon izi ilə həllər təklif edir. Agentliyimiz adından “Green Public” startapına fəaliyyətlərində uğurlar diləyirik!